Hüquqi şəxslərin dövlət qeydiyyatının yeni rəqəmləri
Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yeni statistik göstəricilər açıqlanıb
Bu ilin ilk 6 ayında ölkəmizdə 7111 hüquqi şəxs qeydiyyata alınıb, qeydiyyata alınan hüquqi şəxslərin mütləq əksəriyyəti elektron qeydiyyat xidmətindən istifadə ediblər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən LegalStore.az -a bildirilib ki, aparılan təhlillərə görə, buna təsir edən səbəblərdən biri cari ildən hüquqi şəxslərin elektron qeydiyyatının sadələşdirilməsidir
Elektron imza olmadan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı imkanın yaradılması nəticəsində bu xidmətdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. Belə ki, yarım ildə qeydiyyata alınmış hüquqi şəxslərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artıb, e-qeydiyyatın xüsusi çəkisi isə 79,6 faizdən 85,7 faizə yüksəlib.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər nəticəsində cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub.
Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv edilib. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə hüquqi şəxsin qeydiyyat prosesi yekunlaşır. Yeni elektron qeydiyyat sistemində əmək müqaviləsi bildirişləri barədə məlumatlar avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilir. Həmçinin vergiödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi və biznes tipli sertifikatın əldə edilməsi üçün müraciətin sertifikat xidmətləri mərkəzinə göndərilməsi təmin olunur. Bir prosedurun yekunlaşması ilə daha 4 fərqli proses yerinə yetirilir.
Yeni elektron qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sahibkarlar üçün bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi sənəd olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlar tərəfindən elektron formada qəbul edilməsi təmin edilir. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə elektron hökumət portalında müvafiq inzibati reqlament, “İnternet Vergi İdarəsi”ndə isə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı yerləşdirilib.
Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edir. Hazırda “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business 2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub. Sözügedən dəyişikliklər nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra enib, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır.