Goodbye UK!

Birləşmiş Krallıq artıq rəsmi şəkildə Avropa İttifaqını tərk etdi.

Goodbye UK!

“Brexit” (British exit) Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsi ilə bağlı olan razılaşmadır. 2016-cı ilin iyun ayında keçirilən referendum (ümumxalq səsverməsi) zamanı 17.4 milyon şəxs Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsinin lehinə səs vermiş və ümumilikdə 52% səs çoxluğu ilə bu məsələyə dair danışıqlar davam etdirilmişdir. Uzun müddətdir davam edən bu məsələ demək olar ki, dünya ölkələrinin əksəriyyətində çaşqınlıq yaradıb və insanlar nəyin baş verdiyini anlamaqda çətinlik çəkirlər.

Avropa İttifaqı nədir?

Əsrlər boyu davam edən müharibələr və silahlı münaqişələr ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir və bir çox hallarda onlara sağalmaz yaralar vururdu. Avropa ölkələri bu halların qarşısını almaq üçün İkinci Dünya müharibəsindən (1939-1945) sonra daha ciddi addımlar atmağı qərara aldı. Əslində, Avropa İttifaqının yaradılmasında əsas məqsəd qonşu ölkələr arasında tez-tez baş tutan qanlı müharibələrə son qoymaq idi.

1952-ci ildən etibarən Avropa Kömür və Polad İttifaqı davamlı sülhü təmin etmək üçün Avropa ölkələrini iqtisadi və siyasi cəhətdən birləşdirməyə başlayırdı. Belçika, Fransa, Almaniya (Qərbi Almaniya), İtaliya, Lüksemburq və Hollandiya 1957-ci ilin 25 mart tarixində imzaladıqları Roma müqaviləsi ilə Avropa İqtisadi Birliyinin əsasını qoydu. Qeyd edək ki, təşkilat 1957-ci ildə Avropa İqtisadi Birliyi adı ilə yaradılmış, 1992-ci il 7 fevral tarixli Maastrix müqaviləsindən sonra isə adı Avropa İttifaqı olaraq dəyişdirilmişdir.

Danimarka, İrlandiya və Birləşmiş Krallıq AİB-ə 1973-cü ilin 1 yanvar tarixində qoşulmuş və bununla da üzvlərin sayı 9-a çatmışdır. Birləşmiş Krallığın 31 yanvar tarixində rəsmi olaraq Avropa İttifaqını tərk etməsi ilə üzvlərin sayı bu gün 27 olmuşdur.

Avropa İttifaqı üzv dövlətlər arasında gömrük və digər əlavə xərclərin ləğv edilməsi yolu ilə ticarət və iqtisadiyyatın canlanmasına xidmət edir. “4 azadlıq prinsipi”- malların, xidmətlərin, kapitalın və insanların maneəsiz hərəkətinin təmini “Vahid Avropa Bazarı”nın təməlində duran əsas ideyalardan biridir. Bunu təmin etmək üçün 1999-cu ildən “avro” vahid pul vəsaiti kimi dövriyyəyə buraxılıb və bu gün Avropa ölkələrinin əksəriyyətində (19/27) əsas valyuta kimi istifadə olunur.

Hər şey bitdimi?

31 yanvar tarixində rəsmi olaraq Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsi hər şeyə son qoydu mu? Bu suala konkret cavab vermək mümkün deyil. Belə ki, Birləşmiş Krallıq vətəndaşları bundan sonra Avropa İttifaqı vətəndaşı hesab olunmayacaqdır. Avropa Parlamentində bundan sonra Britaniyadan üzvlər olmayacaq, Britaniya nazirləri Avropa İttifaqında qanunvericilik işində heç bir rol oynamayacaq və Britaniyadan heç bir baş nazir Avropa İttifaqının sammitlərində iştirak etməyəcəkdir. Qısacası, bütün dəyişikliklər qanuni və konstitusionaldır.

Lakin qeyd etmək lazımdır ki, hər şey bununla bitməyəcək. 2020-ci ilin 31 dekabr tarixinədək Britaniya və Avropa İttifaqı arasında danışıqlar davam edəcək. Danışıqların əsas məğzi bundan sonrakı münasibətlərin necə tənzimlənməsi və hansı qaydada davam etdirilməsi olacaqdır. 2020-ci ilin sonuna qədər bütün münasibətlər eynilə davam etməli olduğundan vətəndaşlar hələ ki heç bir dəyişikliyi hiss etməyəcəkdir.

Gürcüstanın vəziyyəti?

 

Gürcüstan Cənubi Qafqazda yerləşən ölkələr arasında Avropaya ən çox inteqrasiya edən və danışıqlar baxımından daha irəlidə olan ölkədir. Bunun başlıca səbəblərindən biri Abxaziya və Osetiya münaqişələri zamanı Gürcüstan torpaqlarının Rusiya ordusu tərəfindən işğalıdır. Çünki bu konfliktlər Gürcüstanın Rusiya ilə olan münasibətlərinə ciddi təsir etdi və Avropaya inteqrasiya prosesini daha da sürətləndirdi. Həmçinin 2003-cü ildə baş tutan “Qızılgül” inqilabı və sonrasında Mixeil Saakaşvilinin prezident seçilməsi bu prosesə yeni bir ahəng gətirdi.

2012-ci ilin iyun ayında artıq Gürcüstan və Aİ arasında viza məsələləri müzakirə olunmağa başladı. 2016-cı ildə Gürcüstan vətəndaşlarının “Şengen” vizasından azad olması yönündə təklif irəli sürüldü və bu təklif Daimi Nümayəndələr Komitəsi tərəfindən Avropa Şurası adından 20 dekabr 2016-cı il tarixində təsdiqləndi.

Gürcüstan vətəndaşları viza olmadan Avropanın 30 ölkəsinə 90-180 gün ərzində səyahət edə bilərlər. Gürcüstan vətəndaşlarına Şengen ərazisində yerləşən və ora daxil olmağa hazırlaşan namizəd ölkələrə səyahət etmək üçün də viza tələb olunmur. Avropa İttifaqına üzv olmayan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də vizasız ölkələr siyahısına daxildir. Lakin İrlandiya və Böyük Britaniyaya səfər etmək üçün əvvəlki kimi yenə də viza tələb olunur.

Türkiyə nəyə görə hələ də Aİ-yə üzv ola bilmir?

Türkiyə yarım əsrdən artıq bir müddətdir ki Avropa İttifaqına üzv olmaq üçün danışıqlar aparır, lakin hələ də bu istəyinə nail ola bilmir. Türkiyə ilk dəfə 1959-cu ilin 31 iyul tarixində AİB ilə əməkdaşlıq üçün müraciət etmişdir. AİB və Türkiyə arasında 1963-cü ilin 12 sentyabr tarixində Ankara razılaşması imzalanmış və həmin razılaşmanın 2-ci maddəsində əsas məqsədin “Türkiyə iqtisadiyyatının sürətli inkişafını təmin etmək və türk xalqının məşğulluq səviyyəsini və həyat şəraitini yüksəltmək üçün tərəflər arasındakı ticarət və iqtisadi əlqələr aralıqsız və balanslı şəkildə gücləndirilməli olduğu” göstərilib.

70-ci illərdə əməkdaşlıq məsələləri daha da inkişaf etsə də, 1980-ci il “darbe”si bütün münasibətləri dondurdu. 1984-cü ildən etibarən yenidən münasibətləri bərpa edən Türkiyə 2005-ci ildə münasibətlərin ən uğurlu davam etdiyi dövrü yaşayıb. Lakin tam üzvlüyə qəbul olmaq üçün tələb olunan 35 tələbdən yalnız 16-nı yerinə yetirə bilib.

Türkiyənin Aİ-yə üzv olmasının qarşısını alan 4 əsas maneə mövcuddur. Bunlardan birincisi coğrafi şəraitdir. Türkiyənin 97% ərazisi Asiya qitəsində yerləşir və quru qonşuları arasında İran, İraq və Suriya kimi təhlükəli ölkələr var. Avropa İttifaqı bu üzvlüyün gerçəkləşməsi nəticəsində “Avropa” sərhədlərini aşacaq və “potensial” üzvlərə qapı açmış olacaq. Adı çəkilən ölkələrdə terror aktlarının çoxluğu və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması bu arqumenti daha da gücləndirir.

İkinci bir səbəb yeridilən siyasətlə bağlıdır. Hər nə qədər Rəcəb Tayyib Ərdoğanın gəlişindən sonra Türkiyə öz müstəqil siyasi xəttini formalaşdırsa da, Qərb bunu qəbul etmir və Türkiyəni aktiv xarici siyasətdən çəkindirməyə çalışır. Aydındır ki, Türkiyə digər Avropa ölkələri kimi sakit siyasət yeritmir və vətəndaşların siyasi proseslərə olan reaksiyası çox böyükdür. Bunun bariz nümunəsi ötən illərdə baş verən “darbe”-lər və xalqın buna qarşı olan münasibətidir.

Üçüncü səbəb Türkiyə iqtisadiyyatının lazımi qədər güclü olmamasıdır. Türkiyə dünyada ən böyük iqtisadiyyata sahib olan 20 ölkə arasında olsa da, digər iqtisadi göstəriciləri o qədər də ürəkaçan deyil. Belə ki, Türkiyənin hal-hazırda 85 milyona yaxın əhalisi var və bu da adambaşına düşən milli gəlirin aşağı düşməsi deməkdir. Sadə dillə desək, Türkiyənin gəlirləri və büdcəsindəki pullar nə qədər çox olsa da, əhalinin çox olması səbəbilə hər nəfərə düşən gəlir miqdarı digər Avropa dövlətlərinə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Dördüncü səbəb isə tarixi, mədəni və dini faktorlarla bağlıdır. Belə ki, avropalılar türkləri kürd və erməni problemləri, o cümlədən Kipr böhranı səbəbilə Avropa İttifaqında görmək istəmirlər. Onların fikrincə, Türkiyə əvvəlcə bu problemləri həll etməlidir. Bundan başqa Türkiyə zəngin mədəni irsi, adət-ənənələri və dini mənsubiyyəti ilə Avropadan xeyli fərqlənir. Avropa anlayır ki, əgər Türkiyə Aİ-yə üzv seçilsə, Türkiyənin Avropa mədəniyyətinə təsiri daha böyük olacaq, nəinki Avropanın Türkiyəyə təsiri və onu özününküləşdirməsi.