Biz buraya həqiqətləri danışmaq üçün gəlmişik!
Fevral ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın Baş Naziri Nikol Paşinyanla Münhendə bir araya gəlib. Tərəflər Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıb.
Münhen Təhlükəsizlik Konfransı nədir?
Təşkilat 1963-cü ildə “Internationale Wehrkunde-Begegnung” adı altında Ewald von Kleist tərəfindən yaradılmışdır. Sonradan adı Münhen Təhlükəsizlik Konfransı olaraq dəyişdirilib. Münhen Təhlükəsizlik Konfransı təhlükəsizlik siyasətinə dair aparıcı beynəlxalq konfransdır. Konfranslar ənənəvi olaraq hər ilin fevral ayında keçirilir. Konfransda dünyanın dörd bir yanından dövlət başçıları, xarici işlər nazirləri, müdafiə nazirləri, hökumət rəsmiləri, hərbi liderlər, parlament üzvləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbərləri, akademiklər, ekspertlər bir araya gəlir.
Keçirilən görüşlərin əsas məqsədi hazırki və gələcək təhlükəsizlik məsələləri ilə bağlı intensiv və faydalı debatların keçirilməsidir. Münhen siyasətçilər və ekspertlər üçün günümüzün və gələcəyin ən aktual təhlükəsizlik problemləri ilə bağlı konstruktiv və açıq müzakirələr aparmaq üçün müstəqil bir məkandır.
Görüşün əhəmiyyəti nədən ibarət idi?
Dağlıq Qarabağ münaqişəsi illərdir öz həllini tapmır. Əslində, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı 4 qətnamə qəbul etsə də, Ermənistan tərəfi bunlara məhəl qoymur. Bu məsələnin daha da ictimailəşməsi, beynəlxalq arenada yenidən işıqlandırılması üçün Münhen Təhlükəsizlik Konfransı yeni bir fürsətdir. Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib, lakin qarşı tərəf daim pozuculuq fəaliyyəti ilə bu danışıqların faydalı nəticələr verməsinə mane olub.
İlham Əliyev və Nikol Paşinyanın görüşündə nələr yaşandı?
Görüşdə moderator Selest Volenderdən savayı xeyli xarici dövlət rəsmiləri və media nümayəndəsi iştirak edirdi. İstər xarici dil biliyi, istər tarix biliyi, istərsə də siyasi arqumentasiya baxımından Azərbaycan prezidenti rəqibindən sözün yaxşı mənasında xeyli fərqlənirdi.
Görüş zamanı İlham Əliyev tarixi faktlara əsaslanaraq Qarabağın və İrəvanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu vurğulamışdır. Qarabağın tarixi Azərbaycan torpağı olduğu gerçəyini danmağa çalışan Nikol Paşinyana İlham Əliyev maraqlı bir sual da ünvanladı. “Əgər Xankəndi, sizin deyiminizlə Stepanakert sizin tarixi torpağınızdırsa, onu nəyə görə tarixi adı ilə adlandırmırsınız? Stepanakert keçmiş bolşevik Stepan Şaumyanın adı ilə bağlıdır. Stepan bolşevik Şaumyanın adı, kert isə erməni dilində şəhər deməkdir. Lakin Xankəndi xanın kəndi deməkdir. Burdan da kimin daha qədim tarixə malik olduğunu anlamaq olar.”
Həmçinin tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, xüsusilə də Xocalı soyqırımı haqqında məlumatların verilməsi baş naziri çıxılmaz vəziyyətdə qoydu. Baş nazir dönəmin Azərbaycan Prezidenti Ayaz Mütəllibovun “Аргументы и факты” qəzetinə müsahibə verdiyini və bu hadisənin Azərbaycan tərəfindən də dəstəkləndiyi yalanını söyləmiş, Prezident İlham Əliyev isə həmin qəzetdə ermənilərin çoxluq təşkil etdiyini, ümumiyyətlə, rus mətbuatında ermənilərin üstün mövqeyə malik olduğunu, habelə Ayaz Mütəllibovun öz müsahibələrində heç zaman belə bir ifadə işlətmədiyini söyləmişdir. İlham Əliyev qeyd edib ki, Ayaz Mütəllibov sağdır və Bakıda yaşayır. Bu məlumatın doğru olub-olmadığını indi də gedib onun özündən dəqiqləşdirmək mümkündür. Bütün bunlar baş nazirin verdiyi məlumatın cəfəngiyyatdan başqa bir şey olmadığını təsdiqləyir.
Hətta erməni baş nazir 1921-ci ildə Qafqaz Bürosunun verdiyi qərarda Qarabağın Azərbaycanın tərkib hissəi olaraq tanıdığını demiş, qısa çaşqınlıqdan sonra üzr istəyib Ermənistan olaraq fikrini dəyişmişdir.
Tərəflər mübahisənin həll yolunu necə görür?
İlham Əliyev qeyd edib ki, əgər bu gün Azərbaycan əsgəri erməni snayperi tərəfindən öldürülürsə, hansı sülhdən danışıla bilər? Mübahisənin həlli üçün ilk öncə bütün işğalçı qoşunlar Azərbaycan torpaqlarından çıxarılmalıdır. Daha sonra Azərbaycan xalqı yenidən öz torpaqlarına qayıtmalıdır.
Nikol Paşinyan isə qondarma respublikanın da bu danışıqlara cəlb olunmalı olduğunu və bu baş verməzsə, mübahisənin heç bir halda həll edilə bilməyəcəyini deyib. Lakin qeyd etmək lazımdır ki, qondarma Dağlıq Qarabağ Respublikası heç bir dünya ölkəsi tərəfindən rəsmi olaraq tanınmır və münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu da belə bir dövlətin mövcudluğunu tanımadığını bildirir.
Nəticə olaraq dünya ictimaiyyəti bir daha kimin kim olduğuna şahid oldu. Danışıqların son illərdə daha da genişləndiyini və intensiv hal aldığını nəzərə alaraq bu mübahisənin ən qısa müddətdə həll olunacağına ümid edirik. Bu gün Qarabağ hər nə qədər düşmən tapdağı altında olsa da, bir gün bütün tarixi Azərbaycan torpaqlarında bayrağımızın dalğalanacağına inanırıq!