Bank mübahisələri zamanı iddiaların hazırlanması, müdafiəsi
Problemli kreditlərlə bağlı bank mübahisələri zamanı iddiaların hazırlanması, müdafiəsi, eləcə də bankların iflas proseduruna başlanılması ilə bağlı ərizə və şikayətlərin tərtib olunması mülki qanunvericiliyə və beynəlxalq normalara əsaslanaraq həyata keçirilir.
Statiskaya nəzər salsaq görərik ki, son bir neçə il ərzində problemli kreditlərlə bağlı məhkəmə mübahisələri yüksək həddə çatmışdır. Bunun əsas səbəblərindən biri şəxslərin bankla bağlanan müqavilələri oxumaması və ya anlamamasıdır.
Bəzi hallarda şəxslər öhdəliklərinə götürdükləri kredit borclarını müəyyən olunmuş trafikasiyaya uyğun şəkildə ödəyə bilmir. Nəticə etibarı ilə mübahisələr məhkəmə qaydasında həll edilir. Bu zaman müraciət edən tərəf əksər hallarda banklar olsa da, əmlaka yönələn kredit borcları ilə bağlı vətəndaşlar daha çox iddialar qaldırır.
Bütün hallarda kreditlə bağlı müqavilələrə imza atmazdan əvvəl peşəkar hüquqşünas məsləhəti almağı təklif edirik. Bu zaman siz hansı öhdəlikləri götürdüyünüz barədə daha məlumatlı olacaq və müqavilə şərtlərinin sizə uyğun olub-olmadığını biləcəksiniz. Belə ki, məhkəmə proseslərində əsas sənəd kimi müştərinin imzası olan müqavilə götürülür.
İddia icraatı və əmr icraatı arasındakı fərqlər
Məhkəmələrdə problemli borclarla bağlı ərizələrə iddia icraatı və əmr icraatı qaydasında baxılır. Hər iki halda məhkəmə tərəfindən işə baxılır və məhkəmə qərarı çıxarılır. Qərar qüvvəyə mindikdən sonra icra olunması üçün müvafiq icra və probasiya şöbəsinə göndərilir.
İşlərə iddia icraatı və ya əmr icraatı qaydasında baxılması arasında bəzi fərqlər vardır. Onlardan bəzilərini nəzərdən keçirməkdə fayda var. Belə ki, bank mübahisələri ilə bağlı iddia icraatı üzrə işə 3 ay ərzində baxılır. Əmr icraatında isə bu müddət 3 gün təşkil edir. Onu da qeyd edək ki, əmr icraatı üzrə işlərə tərəflərin iştirakı olmadan baxılır. Məhkəmə əmri verildikdən 10 gün sonra icraya yönəlir.
Onu da əlavə etmək lazımdır ki, əmr icraatı üzrə məhkəməyə müraciət edərkən dövlət rüsumu 20 manat nəzərdə tutulur. İddia icraatında isə rüsum iddianın məbləğindən asılı olaraq dəyişir.
İddia icraatında isə işlərə bir neçə proses keçirilməklə baxılır. Proseslərdə tərəflərin iştirakı labüd olduğundan onlar gəlmədikdə iş məhkəmə tərəfindən baxılmamış saxlanıla bilər.
İcraya yönəlmə prosesi isə məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra, yəni 1 ay tamam olduqda göndərilir.Təcrübədə hakimlərin məhkəmə aktı (əmr, qətnamə) tərəflərə rəsmən təqdim olunduğu andan qərarın qüvvəyə minmə müddətini hesablamağa başladığına daha çox rast gəlinir.
Bankların iflas proseduruna başlanılması ilə bağlı ərizə
Banklar yalnız məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Bankların iflas proseduruna başlanılmasına dair ərizəyə məhkəmə tərəfindən aşağıdakı hallarda baxılır:
- Ərizə bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və bankın “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsində göstərilən əsasların mövcudluğunu təsdiqləyən maliyyə hesabatı ilə birlikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verildikdə;
- Ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə “Banklar haqqında” Qanunun 62.2-ci maddəsinə uyğun olaraq kreditorlar tərəfindən verildikdə.
Banklar öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya bir neçə kreditor müvafiq icra hakimiyyəti orqanına vəsatətlə müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir.
Müvafiq icra hakimiyyəti orqanı məhkəməyə ərizəni bu barədə qərarı qəbul etdikdən sonra 3 təqvim günü ərzində verir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı müəyyən edilməmişdirsə, müvafiq icra hakimiyyəti orqanı kreditorlara əsaslandırılmış imtina göndərir. Kreditorların ərizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən rədd edildikdə belə bu hal məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.
“Banklar haqqında” Qanunun 64-cü maddəsinə əsasən, bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul etdikdən sonra məhkəmə müvafiq icra hakimiyyəti orqanı, bütün digər ərizəçiləri və bankın özünü, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizə verildikdə isə, həmçinin bankın müvəqqəti inzibatçısını ərizəyə baxılması üzrə qapalı iclasda iştiraka dəvət edir.
Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalıdır. Qanuna əsasən məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.
Bunlarla yanaşı, “Banklar haqqında” Qanunun 65-ci maddəsində göstərilir ki, bank barəsində iflas proseduruna başlanılmasına dair ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya digər sübut saxta və ya qeyri-dəqiq olduqda və bu sənədlər olmadan ərizə Qanunun tələblərinə cavab vermədikdə, eləcə də kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda məhkəmə ərizənin baxılmasını rədd edir.
Bank mübahisələri zamanı hüquqi xidmətlərin göstərilməsi
LEGALSTORE şirkətinin peşəkar hüquqşünasları Sizə bank mübahisələri zamanı bütün dövlət orqanlarında, o cümlədən məhkəmələrdə maraqlarınızın müdafiə olunmasında, ərizə və şikayətlərin hazırlanması, məhkəmədə müdafiə olunması və məhkəmə qərarlarının icrası ilə bağlı lazımı icra orqanları ilə işlərin həyata keçirilməsində hüquqi xidmət təklif edir.