Banklar və xarici bankların yerli filiallarının fəliyyəti üçün lisenziya
Banklar və xarici bankların yerli filiallarının fəaliyyəti üçün lisenziya və icazələrin alınması zamanı ilkin və yekun müraciətlərin hazırlanması, lazımi sənədlərin toplanması və müraciətlərin edilməsində hüquqi yardım göstərilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq həyata keçirilir.
Bazar iqtisadiyyatının tənzimlənməsində bank sistemlərinin rolu danılmazdır. Biz bunu gündəlik həyatımızda da müşahidə edirik. Azərbaycanda bankçılıq beynəlxalq standartlara uyğun, müasir və rəqabətə davamlı şəkildə inkişaf edir.
Müasir dövrdə banklar satınalma gücü istehsal edir. Sadə dillə desək bankçılıq pul ticarəti deməkdir, yəni pulları ucuz faizə alıb daha yüksək faizə sataraq mənfəət qazanmış olur. Bu zaman “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət olunur. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz.
Bank lisenziyası üçün müraciət
“Banklar haqqında” Qanunda göstərildiyi kimi, bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər müvafiq icra hakimiyyəti orqanının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Bank lisenziyası üçün müraciətə baxılarkən müvafiq icra hakimiyyəti orqanı bankın sahiblərinin və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər.
Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları müvafiq icra hakimiyyəti orqanına onun tələb edə biləcəyi məlumatı verir.
Daha sonra ilkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilməlidir.
Bank lisenziyası nədir?
Bank lisenziyası “Banklar haqqında” Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
Bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.
Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir.
Ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmadıqda, müvafiq icra hakimiyyəti orqanı verdiyi bank lisenziyasında və icazədə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.
Xarici bankların yerli filialları üçün lisenziya
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz. Xarici bankların yerli filialları üçün lisenziya alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:
- Bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması;
- Dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması.
Xarici bank tərəfindən yerli filial açılması üçün ilkin müraciətə aşağıdakı sənədlər əlavə edilir:
- Bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
- Bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;
- Əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;
- Təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı haqqında məlumat;
- Bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
- Filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi və ləğv edilməsi qaydası göstərilməlidir;
- Filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;
- Filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;
- Filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
- İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
Banklar və xarici bankların yerli filialları üçün lisenziya alınmasında hüquqi xidmətlərin göstərilməsi
Müasir bank sistemlərinin mürəkkəb və çoxşaxəli struktura malik olduğunu nəzərə alaraq LEGALSTORE şirkəti sizə bank sahəsində hüquqi xidmət təklif edir. Beləliklə, yüksək ixtisaslı hüquqşünaslarımız Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq banklar və xarici bankların yerli filiallarının, şöbələrinin və nümayəndəliklərinin fəaliyyəti üçün lisenziya və icazələrin alınması zamanı ilkin və yekun müraciətlərin hazırlanması, lazımi sənədlərin toplanması və müraciətlərin edilməsində hüquqi yardım göstərməyə hazırdır.
Bundan başqa şirkət tərəfindən bankların öz müraciətləri ilə lisenziya və icazələrin ləğv edilməsi prosedurları ilə bağlı hüquqi məsləhətlər verilir.