Boşanma zamanı əmlak bölgüsü
Əmlak bölgüsü nikaha xitam verildikdən sonra üzə çıxan əsas məsələlərdən biridir. Əmlak bölgüsü barədə, zinət əşyaları və cehizin qaytarılması, evdə yaşamaq hüququ və digər məsələlər ilə bağlı iddia ərizəsinin yazılması, sənədlərin məhkəməyə təqdim edilməsi və müdafiə üçün düzgün ünvana müraciət etmək şərtdir.
Boşanma zamanı əmlak bölgüsü, ərin (arvadın) yaşadığı mənzildə yaşayış və istifadə hüququnun tanınması nikaha xitam verilərkən və ya verildikdən sonra gündəlikdə duran ən aktual məsələlərdəndir. Qeyd edək ki, əmlak bölgüsü Ailə Məcəlləsi və Mülki Məcəllə ilə tənzimlənir. Hər iki Məcəllədə nikah zamanı əldə olunan əmlakın ailənin ümumi əmlakı olduğu vurğulanır.
Boşanma prosesi
Boşanma prosesi tərəflərin razılığı olduqda, o cümlədən yetkinlik yaşına (18 yaş) çatmayan uşaqları yoxdursa müvafiq icra orqanlarında, əks hallarda isə məhkəmə qaydasında həll edilir. Boşandıqdan sonra və ya boşanma prosesi zamanı uşaqların kimin yanında qalması, aliment kimi məsələlər müzakirə olunur. Məhkəmə bu işlərlə yanaşı nikaha xitam verilməsi ilə əlaqədar ortaya çıxan tərəflərin birgə əmlakının bölünməsi məsələsinə də baxır.
Mülkün bölünməsi
Mülkün bölünməsi zamanı məhkəmə bir sıra halları nəzərə alır. İlk öncə həmin mülkün dövlət reyestrində qeydə alınıb alınmadığı, daha sonra tərəflərin həmin əmlakı nə vaxt əldə etdiyi (nikahdan əvvəl və ya nikah dövründə) müəyyənləşirilir.
Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda uşaqların mənafeyini nəzərə alaraq məhkəmə mülkü ərlə arvad arasında bərabər bölməyə də bilər. Bu zaman uşaqların kiminlə qalmasından asılı olaraq paylar qeyri-bərabər bölünür.
Daşınmaz əmlakın bölünməsi
Daşınmaz əmlakın bölünməsi ilə bağlı ər və ya arvad boşandıqdan sonra 3 il müddətində iddia qaldıra bilərlər. Məhkəmə praktikasında əmlak bölgüsü ilə bağlı ən çox qadınlar tərəfindən iddia qaldırılır. Bu zaman əgər daşınmaz əmlakın birgə nikah dövründə alınması müəyyən edilərsə məhkəmənin qərarı ilə ərə (arvada) evdə yaşamaq hüququ verilə bilər və ya satılaraq tərəflər arasında bölgü edilə bilər. Mülkün satılması mümkün olmazsa natura şəklində bölgü aparılır.
Boşanma zamanı ziynət əşyaları
Boşanma zamanı ziynət əşyaları məhkəmə proseslerində ən çox müzakirə olunan məsələlərdəndir. Belə ki, Ailə Məcəlləsinin 34-cü maddəsində təsbit edilmişdir ki, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri, yəni geyim, ayaqqabı və s. əşyalar nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Boşanmada cehiz
Boşanmada cehiz dedikdə, nikaha daxil olanadək və ya nikah dövründə verilən hədiyyələr və ya hər hansı əvəzsiz əqdlər tərəflərin hər birinin şəxsi mülkiyyətindədir. Daha dəqiq desək, bu tərəflərin birgə mülkiyyəti hesab olunmur. Ailə Məcəlləsinə əsasən, ər-arvadın daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
Boşandıqdan sonra evdə yaşamaq hüququ
Boşandıqdan sonra evdə yaşamaq hüququ ilə əlaqədar məhkəmələrə çoxsaylı iddia ərizəsi verilir. Əgər mülkiyyət birgə yaşayış vaxtı alınıbsa boşanma zamanı tərəflər arasında yarı bölünür. Həmçinin, əgər qadın evləndikdən sonra həyat yoldaşının yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Lakin ər buna etiraz etdikdə və qadın da həmin evdə yaşamaq istəmirsə bu zaman ona kompensasiya verilir.
Nikah müqaviləsi
Nikah müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanan sazişdir. Nikah müqaviləsi ər-arvadın nikah dövründə, həmçinin nikah pozulduqdan sonra əmlak hüquq və vəzifələrini müəyyən edir. Belə ki, Ailə qanunvericiliyinə əsasən tərəflər nikah müqaviləsində mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair qeydlər edə bilərlər. Nikah müqaviləsi cütlüklərin nikah dövründə və boşandıqdan sonra hüquqlarının qorunmasında mühüm rol oynayır və yuxarıda sadalanan problemlərlə daha az qarşılaşmaqlarına kömək edir.
Əmlak bölgüsü zamanı hüquqi xidmət
Qanunvericilikdə olan bu müddəalara əsaslanaraq Şirkətin yüksək ixtisaslı hüquqşünasları tərəfindən nikah pozulduqdan sonra ümumi əmlakın bölgüsü barədə mübahisələrin qaldırılması, məhkəməyə iddia ərizələrinin, o cümlədən lazım olan digər sənədlərin təqdim edilməsi, məhkəmə proseslərində çıxış edilməsi və digər lazımi işlərin görülməsi kimi hüquqi xidmətlər təmin edilir.