Əmək münasibətlərində təmsilçilik
Fərdi əmək mübahisələri, kollektiv əmək mübahisələrində yaranmış hüquq pozuntuları əmək münasibətlərinin bir hissəsi olub təmsilçiliyi labüd edir. Bu mübahisələrin məhkəmədə müdafiəsinin təmin olunması və tərəflərin maraqlarının qorunması qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Əmək münasibətlərində təmsilçilik əmək münasibətləri ilə bağlı pozuntular (qanunsuz işdən çıxarma, məzuniyyət haqlarının ödənilməməsi və s.) aşkar edildikdə şəxslərin hüquqi yardıma ehtiyac duyduqları zaman yaranır.
Şəxslər pozulmuş hüquqlarının bərpası üçün birinci instansiya məhkəməsi, apellyasiya, o cümlədən ali məhkəmədə səlahiyyətli şəxsə etibarnamə verərək təmsil olunmaq hüququna malikdirlər.
Bir çox hallarda əmək müqaviləsinə qanunsuz xitam verilir. Halbuki əmək müqaviləsinə xitam verərkən işə götürənin işçini əvvəlcədən xəbərdar etmək, ona yeni iş yeri tapmaq üçün iş saatlarında icazə vermək kimi bir sıra öhdəlikləri mövcuddur.
Lazımi prosedurlar izlənmədən işdən azad olunan şəxslər həm işə bərpa oluna, həm də işləmədiyi dövr üçün əmək haqqına uyğun olaraq kompensasiya ödənişləri ala bilər.
Fərdi əmək mübahisələri
Fərdi əmək mübahisələri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
Başqa sözlə desək, fərdi əmək mübahisəsi işəgötürənlə onunla əmək münasibətində olan, fərdi əmək mübahisəsinədək əmək münasibətində olmuş və işə qəbul olunmaq üçün müraciət etmiş şəxs arasında baş verir.
Fərdi əmək mübahisələri tərəflər arasında müqaviləyə, qanunvericiliyə əsasən öz həllini tapmadıqda, maraqlı tərəfin bu mübahisəyə baxmaq hüququ olan səlahiyyətli orqana yazılı müraciəti ilə həll edilə bilər. Əmək qanunvericiliyinə əsasən fərdi əmək mübahisələrinə müəyyən hallarda həmkarlar ittifaqı təşkilatının nəzdində yaradılan fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanda və məhkəmələrdə baxılır.
Belə bir nəticəyə gəlmək olar ki, bu hüquq münasibətlərinin subyekti qismində işəgötürən, əmək hüquqlarının pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs və fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqan və məhkəmə hesab edilir.
Burada işçinin və ya işəgötürənin pozulmuş hüquqlarının bərpası üçün mübahisəyə baxmaq səlahiyyəti olan orqanlara ərizə ilə müraciət etmək hüququ və həmin orqanların isə bu müraciəti qəbul etmək və qanunvericiliklə müəyyən edilmiş qaydada ona baxmaq vəzifəsi yaranır.
Fərdi əmək mübahisəsinin predmeti
Fərdi əmək mübahisəsinin predmeti qismində çıxış edən münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsində göstərilmişdir. Onlara əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi, əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi aiddir.
Əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması, məzuniyyət hüququnun həyata keçirilməsi, intizam tənbehi verilməsi, əməyin mühafizəsinin təşkili və təmin edilməsi, işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi və digər münasibətlərlə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə nizama salınır
Kollektiv əmək mübahisələri
Əmək mübahisələri fərdi və kollektiv olmaqla iki yerə ayrılır. Kollektiv əmək mübahisələri yaranan fikir ayrılıqlarının kollektiv olması ilə müşayiət olunur. Əmək Məcəlləsinin 3-cü maddəsində kollektiv əmək mübahisəsi kollektiv tələblərdən yaranan fikir ayrılığı kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 36-cı maddəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Kollektiv əmək mübahisələrinin həll edilməsi üçün razılaşdırıcı komissiyadan, vasitəçidən və əmək arbitrajından istifadə edilə bilər.
Tərəflərin nümayəndələri, razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı
kollektiv əmək mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə
etməyə borcludurlar.
Həmkarlar İttifaqları
Həmkarlar ittifaqları Azərbaycan Respublikasının “Həmkarlar İttifaqları haqqında” Qanuna əsasən istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı deyillər və onlara hesabat vermirlər. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə etmək hüququna malikdirlər.
“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilir: “İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
Əmək münasibətləri ilə bağlı hüquqi xidmət
Əmək mübahisələrinə dair məhkəmədə iddia qaldırılması və ya əmək mübahisələri zamanı yaranan hüquq pozuntularının məhkəmədə müdafiə hüququnun təmin olunması işçilərə göstərdiyimiz başlıca xidmətlərdən biridir. Qarşılaşdığınız bütün əmək hüquq pozuntuları zamanı müraciət etməli olduğunuz ilk ünvar LEGALSTORE-dur.