Əmək müqavilələri
Əmək müqavilələri ilə bağlı münasibətlər yəni, əmək müqavilələrinin bağlanma qaydası, əmək müqaviləsi bildirişi, eləcə də əmək müqaviləsinin ləğv edilməsi qaydası əmək qanunvericiliyi ilə tənzimlənir. Bu münasibətlərin tənzimlənməsi ilə əlaqədar hüquqi xidmət göstərilməsi hüquq normaları ilə təmin edilir.
On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanmağına yol verilmir. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs isə işəgötürən ola bilməz.
İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
Əmək müqaviləsinin bağlanması qaydası
Əmək müqaviləsinin bağlanması qaydası və məzmunu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
- İşçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, fin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
- İşəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),
- İşçinin iş yeri, vəzifəsi (peşəsi);
- Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
- Əmək müqaviləsinin müddəti;
- İşçinin əmək funksiyası;
- İşçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
- Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
- İlk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
- İşçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd və s.
Əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi tərəflərin razılığı ilə Əmək Məcəlləsində göstərilən nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
Əmək müqaviləsi bildirişi
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7- ci maddəsi ilə təsbit edilən hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi formasının qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.
Əmək müqaviləsinin ləğv edilməsi
İşçi bir ay qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildikdən bir ay sonra işçi işə çıxmaya və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
Məcəllədə həmçinin təsbit edilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.
Həmçinin işəgötürən tərəfindən zor işlədilərək və ya hədə-qorxu gələrək işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qanunla qadağandır.
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
- Müəssisə ləğv edildikdə;
- İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;
- Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
- İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
- Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
- Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Əmək müqavilələri ilə bağlı hüquqi xidmət
LEGALSTORE hüquq şirkəti öz partnyorlarına yüksək keyfiyyətli və sərfəli qiymətli əmək müqavilələri hazırlamağı və elektron qeydiyyat məsələlərini sadə yolla həll etməyi təklif edir. Beynəlxalq normalara uyğun və yerli qanunvericilikdəki bütün tələblərə cavab verən fərdi və kollektiv əmək müqavilələri şirkətimiz tərəfindən müştərilər üçün əlçatandır!