Əşyanın özgəninkiləşdirilməsi
Əşyanın alqı-satqı, bağışlama və miras yolu ilə özgəninkiləşdirilməsinin təmini üçün hüquqi yardım almaq ən önəmli məsələlərdəndir. Əşyanın daşınar və ya daşınmaz olmasından asılı olaraq özgəninkiləşdirmə zamanı dəyişən münasibətlər mülki qanunvericilikdə təsbit edilmişdir.
Əşyanın özgəninkiləşdirilməsi dedikdə buna alqı-satqı, bağışlama və miras formasında bir şəxsin mülkiyyətindən digər şəxsə keçməsi nəzərdə tutulur. Alqı-satqı müqavilələri zamanı müqavilə predmetinin keyfiyyəti, həcmi, miqdarı və s. xüsusi keyfiyyətləri göstərilə bilər.
Bu daha çox alqı-satqı müqaviləsinin predmeti olan malın tərəflərin razılığı üzrə və hər iki tərəfin maraqlarına uyğun mal üzrə həyata keçirilməsi üçün önəm daşıyır. Potensial mübahisələrin qarşısını almaq üçün müqavilə predmetinin göstəriciləri dəqiq şəkildə müəyyən edilməlidir. Bu müqavilənin tərtibi zamanı əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Bağışlama ilk baxışdan bir tərəfli əqd kimi görünsə də, əslində iki tərəfin də iradə ifadəsinin vacib olduğu bir məsələdir. Belə ki, bağışlama zamanı ikinci tərəfin də bağışlanan əşyanı qəbul etmək öhdəliyi meydana gəlir. Nə qədər sadə görünsə də, bağışlama zamanı yol verilən xətalar müqavilənin etibarsız olmasına gətirib çıxara bilir.
Miras ölən şəxsin öz əmlakının vərəsələri arasında bölünməsi kimi başa düşülür. Ölən şəxsin əmlakı ya onun öz vəsiyyəti üzrə kiməsə keçir, ya da o öldükdən sonra vərəsələri arasında qanuni qaydada bölgü gerçəkləşdirilir. Miras bölgüsü zamanı vərəsələr arasında yaşanan konfliktlər bölgü prosesinin uzanmasına və sonrasında məhkəmə çəkişmələrinə gətirib çıxarır.
Əşya hüququ
Mülki qanunvericiliyə əsasən, yalnız fiziki obyektlər əşya sayılır. Bitkilər və heyvanlar əşya deyildir. Əşyalar daşınar və daşınmaz ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 136-cı maddəsinə əsasən “Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.”
Daşınmaz əşyalar
Əşyalar daşınar və daşınmaz əşyalar olaraq iki yerə bölünür. Mülki qanunvericilik daşınmaz əşyalara torpaq sahələrini, yer təki sahələrini, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyaları, təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektləri aid edir. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
Daşınar əşyalar
Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.
Əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır.
Əşyanın özgəninkiləşdirilməsi ilə bağlı hüquqi xidmət
Biz əşyanın özgəninkiləşdirilməsi ilə bağlı proseslərin tam şəffaf və qanunauyğun formada həyata keçirilməsini Sizin üçün təmin edirik. Bu prosedurların ən yüksək keyfiyyətlə və peşəkarlıqla həyata keçirilməsi üçün Legal Store yeganə ünvandır!