Fiziki və hüquqi şəxslərin istintaq və məhkəmədə hüquqları
Fiziki və hüquqi şəxlərin istintaq və məhkəmədə hüquqları Cinayət Məcəlləsi ilə tənzimlənir və peşəkar hüquqşünas dəstəyi ilə təmin edilmək hüququ verir. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən üsullarla müdafiə etməyə hüququ vardır.
Cinayət hüquq sahəsi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin edir, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının Konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qoruyur, habelə cinayətlərin qarşısını alır.
Azərbaycan Respublikasında cinayət qanunvericiliyi Cinayət Məcəlləsindən ibarətdir. Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli və buna zəmin yaratmalıdırlar.
Cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı və ya onun qanuni nümayəndəsi, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdeh cinayət prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu gözləməlidir.
Şəxs tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququna malikdir.
Belə ki, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq və məhkəmə zamanı hüquqlarının müdafiəsi, zərərçəkmiş şəxslərin hüquq və maraqlarının istintaq və məhkəmədə qorunması, vəsatətlərin verilməsi, hüquq mühafizə orqanlarında hüquqlarının müdafiəsi və maraqlarının qorunması üçün peşəkar vəkil dəstəyi ilə təmin edilmək hüquqları vardır.
Qanunda qeyd edildiyi kimi cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.
Cinayət Məcəlləsinə əsasən cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz.
Həbs yerlərində saxlanılan şəxslərin hüquqları
Həbs yerlərində saxlanılan şəxslərin hüquqları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsindən əlavə “Həbs yerlərində olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə də təsbit edilmişdir. Bu qanuna əsasən həmin şəxslərin malik olduğu hüquqlardan bəziləri aşağıdakılardır:
- Həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq;
- Şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq;
- Həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə saxlama zamanı öz hüquq və vəzifələri, daxili intizam qaydaları, o cümlədən həbs yerində rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq;
- İşgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;
- Həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq;
- Müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək;
- Həbs yerində saxlanıldığı müddət ərzində pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;
- Ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək;
- Dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;
- Bağlama, sovqat və banderol almaq;
- Mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək;
- Etik davranışa uyğun rəftar olunmaq;
- Həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək;
- Hüquqa zidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq;
- Həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin aparılmasına cəlb edilməsinin qadağan olunduğu müddətdə - gecə vaxtı səkkiz saat yatmaq;
- Hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq;
- İdmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;
- Siyahısı və sayı daxili intizam qaydaları ilə müəyyən edilmiş şəxsi əşyalardan istifadə etmək;
- Öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin olunmaq;
Tutulmuş və ya həbs edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək hüququna malikdirlər.
Fiziki və hüquqi şəxslərə istintaq və məhkəmədə hüquqi xidmət göstərilməsi
Şirkətimiz cinayət hüquq münasibətləri zamanı da öz müştərilərini peşəkar hüquqi xidmətlərin göstərilməsi ilə təmin edir. Belə ki, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq və məhkəmə zamanı hüquqlarının müdafiəsi, zərərçəkmiş şəxslərin hüquqlarının istintaqda və məhkəmədə müdafiəsi, vəsatətlərin verilməsi, vətəndaşların hüquqlarının hüquq mühafizə orqanlarında müdafiəsi vəkillərimiz tərəfindən təmin edilir.