İddia ərizələrinin tərtibi
Məhkəmə müraciətləri zamanı yüksək səviyyəli və qanunvericiliyin normalarına uyğun şəkildə iddia ərizələrinin tərtibi tərəfimizdən həyata keçirilir. Peşəkar hüquqşünaslarımız tərəfindən sizə göstərilən bu xidmətin başlıca üstünlüyü sizlərə onlayn müraciət etmək imkanının verilməsidir.
Məhkəmə müraciəti zamanı tələb olunan ilkin sənədlərdən biri və birincisi iddia ərizəsidir. Məhkəməyə müraciət edən şəxslər iddia ərizələrinin tərtibi zamanı nə tələb etdiklərini və məhkəmədən xahişlərini qısa və lakonik formada göstərməlidirlər. İddia ərizələri üçün vahid nümunələr mövcud olsa da, iddia ərizəsinin içərisindəki xüsusi qeydləriniz və əsaslandırmalarınız daha böyük əhəmiyyət kəsb edir.
Hazırlanan iddia ərizələrinin bir digər üstünlüyü də doğru və dəqiq əsaslandırmadır. Hüquqi yazıda böyük əhəmiyyət kəsb edən bu məsələ iddia ərizəsinin başlıca keyfiyyət göstəricisidir. Belə ki, iddia ərizəsində əks olunan nüanslar həm milli qanunvericilik normaları, həm beynəlxalq normalar, həm də hüququn ümumi prinsipləri ilə əsaslandırılmalıdır.
Artıq qarşılaşdığınız hər hansı qanunsuzluq və ya hüquq pozuntusu zamanı məhkəmədə iddia qaldırarkən bizə müraciət etməyiniz kifayətdir.
İddia ərizəsi necə hazırlanır?
İddia ərizəsi məhkəməyə yazılı şəkildə, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən ərizə imzalanaraq verilir. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb qeyd edilməlidir. Sonda isə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir.
İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirə bilər. Buna misal olaraq, nikahın pozulması barədə iddia ərizəsinə alimentin tutulması barədə tələbi birləşdirmək hüququnu göstərə bilərik. Tələblər bir-birilə əlaqəli olduğu üçün əksər vaxtlarda bir iddia ərizəsində təqdim edilir.
İddia ərizəsi təqdim edilərkən ona aşağıdakı sənədlər əlavə edilir:
- Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri;
- Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- İddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd;
- Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;
- İddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri;
- Onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni;
- Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd.
İddia ərizələrinin geri qaytarılması
İddia ərizələrinin geri qaytarılması qaydası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə müəyyən edilmişdir.
Belə ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, eləcə də əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Bunlardan başqa, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə və Mülki Prosessual Məcəllə ilə təsbit edilmiş digər hallarda iş geri qaytarılır.
İddia ərizələrindən imtina
Azərbaycan REspublikasının Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:
- Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə;
- Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
- Məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;
- Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.
İddia ərizəsinin imtinası barədə əsaslandırılmış qərardad çıxarılır. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.
Ərizəçi iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verə bilər. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
İddia ərizələrinin tərtibi zamanı hüquqi xidmətlərin göstərilməsi
LEGALSTORE şirkəti iddia ərizələrinin tərtibi sahəsində də öz müştərilərinin maraqlarına xidmət edir və bu sahədə onlara elektron qaydada hüquqi xidmət göstərir. Belə ki, Siz artıq onlayn formada müraciət edərək müvafiq məhkəmələrə təqdim etmək üçün heç bir növbə gözləmədən və yollarda vaxt itirmədən öz iddia ərizələrinizi əldə edə bilərsiniz.
Qarşılaşdığınız hər hansı qanunsuzluq və ya hüquq pozuntusu zamanı məhkəmədə iddia qaldırarkən bizə müraciət etməyiniz kifayətdir. Belə ki, sizin iddia ərizəniz həm aid olduğu şikayətə uyğun formada, həm də qanunvericiliyin tələblərinə cavab verəcək formada hazırlanır.