İstehlakçı maraqlarının dövlət orqanlarında təmsilçiliyi
İstehlakçı maraqlarının dövlət orqanlarında təmsilçiliyi onların hüquqlarının müdafiəsinin təmin olunmasında mühüm rol oynayır. Müvafiq orqanlara şifahi və ya yazılı qaydada məktubla müraciət etmək üçün lazımi hüquqi yardım almaq hər bir vətəndaşın hüququdur.
İstehlakçıların maraqlarının dövlət orqanlarında təmsilçiliyi onların hüquqlarının müdafiəsinin təmin olunmasında mühüm rol oynayır. Keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmaq məqsədilə müvafiq orqanlara şifahi və ya yazılı qaydada məktubla müraciət etmək hüququ qanunla qorunur.
İstehlakçı kimdir
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçı dedikdə, müəyyən tələbatlarını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən və ya almaq yaxud sifariş vermək niyyətində olan şəxs başa düşülür. İstehlakçıların hüquq və mənafeləri qanunla qorunur.
İstehlakçı hüquqları
Adlarını sadaladığımız istehlakçı hüquqları qanunvericiliyin onlara verdiyi hüquqlardan bir hissəsidir. Bunlara malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların lazımi keyfiyyətdə olmasına, malların təhlükəsizliyi, malların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək aiddir.
Qanunvericilikdə nəzərdə tutulan hallarda, istehlakçıların lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək, ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüququ da vardır.
İstehlakçı hüquqlarının pozulması
İstehlakçı hüquqlarının pozulması hallarında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Belə ki, istehlakçılar qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
İstehlakçıların hüquqlarının müdafiəsi
İstehlakçıların hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən həyata keçirilir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:
- Malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsini;
- Məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və uyğunluq nişanlarının verilməsini;
- Dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti;
- Malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam vasitəsilə satıcılar və ya reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti tərəfindən istehlakçıların aldadılmasının qarşısının alınması;
- Həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya ödənilməsini;
- İnsanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını;
Bunlardan başqa, yerli icra hakimiyyəti orqanları da istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları yarada bilərlər. İcra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları istehlakçıların şikayətlərinə baxır, onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhətlər verirlər.
O cümlədən istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədilə satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar arasında bağlanan müqavilələri təhlil edir, istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında məlumat toplayır və onu aidiyyəti üzrə səlahiyyətli orqanlara göndərirlər.
İstehlakçıların maraqlarının təmsilçiliyi zamanı hüquqi xidmət
İstehlakçıların maraqlarının dövlət orqanlarında təmsilçiliyi üzrə bizim məqsədimiz keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmaq məqsədilə müvafiq orqanlara sizin adınızdan (müştərilərin adından) şifahi və ya yazılı qaydada məktubla müraciət etmək, müvafiq şəxslərlə (satıcı, istehsalçı, icraçı ilə) danışıqlar aparmaq və hüquqlarınızı ən yüksək səviyyədə qorumaqdır.
Ərzaq və qeyri-ərzaq mallarının dəyişdirilməsi, geri qaytarılması kimi məsələlərlə bağlı yaranan mübahisələrdə sizə köməklik göstərməyə hazırıq. İstehlakçılar hüquqlarının etibarlı müdafiəsinin təmin olunmasını bizə etibar edə bilərlər!