Müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması
Müvəqqəti və daimi yaşamaq üçün icazələrin (icazə vəsiqəsi) alınması, müddətlərin uzadılması, müvəqqəti qalma üçün viza proseslerində ən qısa zamanda və doğru məsləhətlər vermək miqrasiya sahəsində görülən ən vacib işlərdəndir. Bu məsələlərin həll yolları qanunvericiliklə təsbit edilmiş qaydada həyata keçirilir.
Ötən illər ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi üçün bir çox vacib addımlar atıb. Bununla da ölkəyə müvəqqəti və ya daimi yaşamaq üçün gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı daha da artmışdır.
Müvəqqəti yaşamaq üçün icazə (icazə vəsiqəsi)
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almalıdırlar. Bu icazə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Həmin şəxslərə ölkə ərazisində yaşamağa icazə verildikdə Dövlət Miqrasiya Xidməti müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edir.
İcazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vəsiqənin icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan qayıtmaq hüququ verən, o cümlədən həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişərsə və ya icazə vəsiqəsi itirilərsə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Eləcə də, icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər.
“Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə ödədikləri dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.
Müvəqqəti yaşamaq icazəsi üçün əsaslar
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq icazəsi üçün əsaslar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində təsbitini tapmışdır. Bu əsaslardan bəziləri aşağıdakılardır:
- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
- Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
- İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
- Cinayət təqibi orqanlarına yardım göstərdikdə və s.
Müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər
Miqrasiya Məcəlləsinin 46-cı maddəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin siyahısı göstərilmişdir:
- Nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;
- Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
- Doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
- Müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
- İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
- 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
- Qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
- Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
- Dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman dövlət rüsumunun ödənilməsi barədə sənəd də verilir.
Bunlardan əlavə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşama icazəsi 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.
Müvəqqəti qalma üçün viza
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən asılıdır. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti qalma müddəti 90 gündür. Lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda bu müddət daha çox ola bilər.
Miqrasiya Məcəlləsinin 20-ci maddəsinə əsasən, müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Daimi yaşamaq üçün icazə (icazə vəsiqəsi)
Qanunvericiliyə görə son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində daimi yaşamaq üçün icazə almağa vəsatət verə bilərlər.
Qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər immiqrantlar sayılırlar. İmmiqrant statusu həmin şəxslərə beş il müddətinə verilir və yenidən sənədləşmə qaydasında beş il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, daimi yaşamaq üçün icazə müddətinin uzadılması üçün müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər.
Müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması zamanı hüquqi xidmət
Şirkətimiz müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması sahəsində sizə ən etibarlı və peşəkar hüquqi xidmət göstərməyi təklif edir. Müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, tələb olunan sənədlərin toplanması, eləcə də müddətlərin uzadılması proseslerində sizə ən qısa zamanda və doğru məsləhətlər verməyi öz öhdəmizə götürürük.