Sığorta fəaliyyəti ilə bağlı lisenziyaların alınması
Həm sığorta şirkəti və brokeri ilə əlaqədar lisenziya və icazələrin alınması barədə, həm də sığorta agenti lisenziyalarının alınması barədə müraciətlərin edilməsi ilə bağlı hüquqi xidmətlərin göstərilməsi artıq daha asandır.
Sığorta fəaliyyəti ilə bağlı lisenziyaların alınması üçün müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə təsbitlənmiş tələblər müəyyən etmişdir. Məlumdur ki, beynəlxalq standartların inkişafı sığorta hüququnun önəmini daha da artırıb.
Sığorta hüququnun xarici təcrübədə geniş tətbiqi ölkəmizdə də bu sahənin inkişafına gətirib çıxarır. Sığorta şirkəti və brokeri ilə əlaqədar lisenziya və ya icazələrin alınması bir sıra hüquqi prosedurların izlənməsini və lazımi sənədlərin toplanmasını tələb edir.
Lisenziya nədir?
Lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir.
Lisenziyaların alınması üçün tələblər
“Sığorta fəaliyyəti haqqında” Qanunda sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyaların alınması üçün tələblər təsbit edilmişdir. “Sığorta fəaliyyəti haqqında” Qanunun 43-cü maddəsində göstərilir ki, yeni təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq olaraq sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya 5 il müddətinə verilir.
Sığorta fəaliyyətinə verilən lisenziya həm sığorta, həm də təkrarsığorta fəaliyyəti ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətə sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə baxılır:
- Təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması;
- Açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra lisenziya verilməsi üçün yekun müraciətə baxılması.
Lisenziyaların alınması üçün tələb olunan sənədlər
Lisenziyaların alınması üçün tələb olunan sənədlər aşağıdakılardır :
1) Lisenziya verilməsi ilə bağlı müraciət məktubu (sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya verilməsi barədə yazılı müraciət);
2) Sığortaçının təsisçisi olmaq istəyən şəxslərlə bağlı aşağıda göstərilən məlumatları təsdiq edən sənədlər:
- Azərbaycan Respublikasının vətəndaşı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün müəyyən tələblərə cavab verməlidir: müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması; mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - vətəndaş qüsursuzluğu.
- Yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün bu tələblərə cavab verməlidir: qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu; mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu.
Xarici sığortaçı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:
- Öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə uyğunluğu; fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilməsi;
- Son beş il ərzində öz ölkəsində fasiləsiz olaraq sığorta və (və ya) təkrarsığorta fəaliyyətini həyata keçirməsi;
- Beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və sığorta nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytinqə malik olması;
- Açıq səhmdar cəmiyyətinin nizamnaməsinin surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;
- Hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin: hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti, təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti, son üç maliyyə ili üzrə, üç ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları, nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;
- Fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;
- Şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd;
- Təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;
- Ən azı növbəti üç il üçün aşağıdakı məlumatları əks etdirən biznes-plan:
- təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;
-fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;
-sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;
-marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları;
-təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı;
-təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz;
-auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat;
-biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;
-istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri;
-daxili nəzarət mexanizmlərinin təsviri;
10. Rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi.
Qeyd edək ki, bu sənədlər ilkin müraciət zamanı tələb olunur. Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlər:
- Adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;
- Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq vergi orqanı tərəfindən uçota alınması haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
- Nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalının bank hesabına ödənilməsini təsdiq edən sənədlər;
- Rəhbər işçi vəzifələrinə təyin edilən şəxslərin təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
- Aparılmasına icazə istənilən könüllü sığorta növü (və ya növləri) üzrə sığorta qaydaları;
- Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin surəti;
- Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (bank qəbzi).
Müddətsiz lisenziyanın verilməsi ilə bağlı tələb olunan sənədlər:
- Adını, təşkilati-hüquqi formasını, olduğu yeri, hesablaşma hesabının nömrəsini və müvafiq bankın adını, lisenziya verilməsi üçün müraciət olunan fəaliyyət növünün adını əks etdirən yekun müraciət;
- Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
- Lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlərin məzmunu üzrə hər hansı dəyişiklik baş vermişdirsə, həmin sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;
- Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (bank qəbzi);
Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədləri və məlumatları qanunvericiliyə uyğun hesab etdikdə bu barədə müraciət edənə bildirir və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq lisenziya verir. Lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği qanunvericiliklə müəyyən edilir.
Sığorta nəzarəti orqanı lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı qanunda göstərilən müddət ərzində müraciət edənə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya sığorta nəzarəti orqanı tərəfindən sığortaçının səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.
Sığorta nəzarəti orqanı lisenziyanın Sığorta fəaliyyəti haqqında Qanunun 54-cü maddəsində təsbit edildiyi qaydada reyestrdə qeydə alındığı tarixdən etibarən 10 gün müddətində lisenziyanın verilməsi barədə müvafiq vergi orqanına bildiriş göndərir və lisenziya sahibinin vəsaiti hesabına Azərbaycan Respublikasında nəşr olunan iki dövlət qəzetində məlumat dərc etdirir.
Sığorta fəaliyyəti ilə bağlı hüquqi xidmətlərin göstərilməsi
LEGALSTORE hüquq şirkəti olaraq müştərilərimizə bu sahədə yüksək keyfiyyətli hüquqi xidmət göstəririk. Belə ki, sığorta şirkəti və brokeri ilə əlaqədar lisenziya və icazələrin alınması bir sıra hüquqi prosedurların izlənməsini və lazımi sənədlərin toplanmasını tələb edir. Bu sahədə profesionallaşan Legal Store əməkdaşları sizin üçün bu xidməti ən sadə və asan yolla görəcəkdir.
Sığorta agentliyi lisenziyalarının alınması barədə müraciətlərin edilməsi zamanı da sizə müvafiq hüquqi yardım təklif edirik. Artıq sığorta şirkəti və broker ilə əlaqədar lisenziya və icazələrin alınması üçün hüquqi yardım sizə bir zəng qədər uzaqlıqdadır!