Sığorta Hüquqpozmalarından məhkəmədə müdafiə hüququ
Sığorta hüquq mübahisələri zamanı məhkəməyə iddiaların hazırlanması və məhkəmədə iddiaların qaldırılması qanunvericiliyə uyğun olaraq və tərəflərin maraqlarını qoruyaraq peşəkar hüquqşünaslar tərəfindən həyata keçirilir.
Sığorta hüquqpozmalarından məhkəmədə müdafiə hüququ tərəflər arasında mübahisələrin həlli danışıqlar yolu ilə tənzimlənmədikdə həyata keçirilir. Aydındır ki, bir çox hallarda zərər vuran tərəf öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır.
Bunu kompensasiya, subroqasiya ödənişlərinin ödənilməməsi və ya başqa məcburi göstərişlərin yerinə yetirilməməsi fonunda müşahidə etmək olar. Sığorta hüquqpozmaları zamanı iddia müddətlərinin gözlənilməsi, o cümlədən sənədlərin yazılı qaydada təqdim edilib-edilməməsi böyük əhəmiyyət kəsb edir.
Bu kimi prosesual qaydaların gözlənilməməsi şikayətinizin məhkəmə tərəfindən əsassız hesab olunmasına və iddianızın təmin edilməməsinə gətirib çıxara bilər. Qanunda da göstərildiyi kimi mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir. Eləcə də qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər qanunla müəyyən edilmiş məsuliyyəti daşıyırlar.
Sığorta nədir?
Sığortanın anlayışı “Sığorta fəaliyyəti haqqında” Qanunda belə təsbit edilmişdir: “Sığorta-sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir”.
Sığorta Mülki Məcəllə, Sığorta fəaliyyəti haqqında Qanun, İcbari Sığortalar haqqında Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Sığorta fəaliyyəti könüllü və icbari formalarda sığortaçılar tərəfindən həyata keçirilir.
İcbari və könüllü sığorta
İcbari və ya könüllü sığorta müqaviləsini yalnız müvafiq sığorta növünü aparmağa müvafiq icra hakimiyyətindən icazəsi olan sığortaçı bağlaya bilər. İcbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlaklarına dəyən zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. İcbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında icbari sığorta müqaviləsi bağlanır.
İcbari sığorta qanunla, könüllü sığorta isə müqavilədən irəli gələn şərtlərlə tənzimlənir. Sığortalıya müvafiq icbari sığorta şəhadətnaməsi təqdim edilir. Sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.
Sığorta müqaviləsi
Sığorta müqaviləsi bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
Sığorta müqaviləsində sığortaçının və sığortalının adı, ünvanı, sığorta obyekti və onun olduğu yer, sığorta riskləri, sığorta məbləği və ödənişin verilmə qaydası, müqavilənin qüvvədə olma müddəti, müqavilə üzrə sığorta münasibətlərinin digər iştirakçıları varsa, onlar barədə məlumat (sığorta olunan, fayda götürən, lazım gəldikdə sığorta agent və brokerləri), müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası göstərilməlidir. Tərəflərin istəyi ilə başqa şərtlərdə qeyd edilə bilər.
Müqavilə ilə və ya qanunla başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığortalının ilk sığorta haqqını ödədiyi gün saat 24-00-da qüvvəyə minir və sığorta hadisəsi baş verdiyinə görə sığorta məbləğinin tam verildiyi andan qüvvədən düşür.
Sığorta brokeri
Sığorta brokeri dedikdə sığorta müqaviləsində sığortalını təmsil edən, sığortaçının seçilməsi zamanı bitərəf və müstəqil mövqe tutaraq sığorta müqaviləsinin imzalanması üçün hazırlıq işlərini həyata keçirən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən hüquqi şəxs (broker təşkilatı) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür.
Təkrar sığorta brokeri təkrar sığorta üzrə sığortaçı ilə təkrar sığortaçı arasında vasitəçilik fəaliyyəti həyata keçirən brokerdir.
Broker təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada xüsusi razılıq almalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada öz məsuliyyətini sığortalamalıdırlar.
Sığorta hüquqpozmaları zamanı hüquqi xidmətlərin göstərilməsi
Qarşılaşdığınız sığorta hüquqpozmaları zamanı bizə müraciət etməyiniz kifayətdir. Belə ki, bu hüquqpozmalarla bağlı iddia ərizələrin hazırlanması zamanı sizə hüquqi xidmət göstəririk.
Sığorta hüquq münasibətləri zamanı məhkəməyə iddia ərizəsinin hazırlanması və ya məhkəmədə müdafiə hüququnuzun təmin edilməsi peşəkar hüquqşünaslarımız tərəfindən həyata keçiriləcəkdir. Müştərilərimizin hüquq, mənafe və maraqlarının qorunması bizim üçün prioritet məsələdir!