Subroqasiya hüququ
Subroqasiya hüququ daşınmaz əmlakla bağlı, avtonəqliyyat hadisəsi zamanı subroqasiya hüququ kimi sığorta münasibətlərində yaranır. Subroqasiya ödənişlərinin həyata keçirilməsi üçün müvafiq orqanlara müraciət və lazımi tədbirlərin görülməsi qanunvericiliyin təsbit etdiyi qaydada həyata keçirilir.
Subroqasiya hüququ bir növ tələb hüququnun ötürülməsidir. Belə ki, zərər çəkmiş şəxsin ziyan vuran tərəf qarşısında ona dəyən zərər məbləğində tələb hüququ vardır. Sığortaçı zərəçəkmişə dəyən zərərin məbləğini ödədikdən sonra ziyan vuran şəxs qarşısındakı tələb hüququ avtomatik olaraq sığortaçıya keçir. Subroqasiya hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 25-ci maddəsinə əsasən, sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:
- Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;
- Sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması;
- İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi;
- Sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;
- Sığortalı və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.
- Sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda;
Qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində İcbari Sığorta Bürosuna keçir.
Daşınmaz əmlakla bağlı subroqasiya hüququ
Daşınmaz əmlakla bağlı subroqasiya hüququ barədə “İcbari Sığortalar haqqında” Qanunun 49-cu maddəsində müəyyən edilmişdir ki: "sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun".
Avtonəqliyyat hadisəsi zamanı subroqasiya hüququ
“İcbari Sığortalar haqqında” 63-cü maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq,avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ziyan vuran kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində İcbari Sığorta Bürosuna keçir.
Subroqasiya-reqres hüququ
Subroqasiya hüququ mülki hüquqdakı reqres hüququ ilə oxşardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, bir şəxs barəsində cavabdehlik daşıdığı şəxsin (işçinin, adından fəaliyyət göstərmək səlahiyyəti verilmiş şəxsin və s) vurduğu zərəri aradan qaldırmaq öhdəliyini daşıyır ki, buna münasib olaraq da həmin şəxs yenidən reqres qaydasında barəsində cavabdehlik daşıdığı şəxsdən aradan qaldırılmış zərər həcmində tələb hüququna malikdir.
Reqres hüququ işəgötürənlə işçi arasında, Azərbaycan Respublikası ilə onun hüquq mühafizə orqanları və ya onun adından çıxış etmək hüququna malik şəxslər arasında və digər bu növ münasibətlərə uyğun olaraq yaranır.
Lakin reqres hüququndan fərqli olaraq subroqasiya zamanı bir tərəf digər tərəfə üçüncü şəxslərin vurduğu zərəri ödəməyi və bu zərəri zərərvurandan almağı öhdəsinə götürür. Reqres zamanı isə bir tərəf öz işçisinin vurduğu zərəri ödəməyi və sonra isə zərəri işçisindən almağı öhdəsinə götürmüş olur.
Subroqasiya hüququ ilə bağlı hüquqi xidmətin göstərilməsi
LEGALSTORE hüquq şirkəti subroqasiya hüququ sahəsində də qanunun bütün müddəalarının tam və ədalətli şəkildə tətbiqini əsas tutur. Belə ki, sizin subroqasiya hüququ ilə bağlı hüquqlarınızın təmini və qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsi üçün lazımi tədbirlər görüləcəkdir.
Subroqasiya işlərinin icrası ilə bağlı məhkəmələrin icra şöbəsi ilə mütəmadi danışıqların aparılması və müraciətlərin edilməsi, o cümlədən mübahisəli məsələlərin həlli, məhkəmədə çıxışların edilməsi, müraciət, ərizə və s. sənədlərin tərtibi sizə təklif edilən hüquqi xidmətlər sırasındadır.