Ünvanlı dövlət sosial yardım, müavinət və təqaüdlərin alınması
Vətəndaşların maraqlarını qorumaq və öz hüquqlarından yararlanmasını təmin etmək üçün göstərilən xidmətlərdən biri də ünvanlı sosial yardım, müavinət və təqaüdlərin alınması ilə bağlıdır. Ünvanlı dövlət sosial yardım, müavinət və təqaüdlərin alınması ilə bağlı məsələlər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən aylıq verilən pul yardımıdır. “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Aztəminatlı ailələr orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə hesab edilir. Ehtiyac meyarı isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan həddir.
Onu da qeyd edək ki, ünvanlı dövlət sosial yardım dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir və sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Ünvanlı sosial yardım kimlərə verilir?
Qanunvericiliyə əsasən, ünvanlı sosial yardım ailə üzvləri əmək qabiliyyətsiz olan, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan, vəfat edən, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilən, azadlıqdan məhrum edilən şəxslərə aid edilir.
Bunları nəzərə alaraq, orta aylıq əmək haqqı onlardan asılı olmayan səbəblərə görə ünvanlı sosial yardım almaq hüququ olan şəxslərə aşağıdakıları aid etmək olar:
- Şəxsin əlil olması;
- Şəxsin əmək pensiyaçısı olması;
- Şəxsin birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
- Şəxsin 23 yaşadək əyani təhsil alması;
- Şəxsin Dövlət Məşğulluq Xidmətinin yerli orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
- Şəxsin azadlıqdan məhrum edilməsi.
Qanunvericiliyə əsasən ünvanlı dövlət sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır və onlara görə sosial yardım ödənilmir:
- Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
- Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
- Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
- Axtarışda olan şəxslər;
- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları;
- Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial müavinət və təqaüdlərin təyin olunması
Sosial müavinət və təqaüdlərin təyin olunması üçün şəxs müavinət və təqaüd almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə mərkəzə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər. Qanunvericiliyə əsasən sosial təqdim olunma formalarından asılı olaraq müavinətlər aylıq və birdəfəlik müavinətlərə ayrılır. Sosial müavinətlərin məbləği ölkə başçısının fərman və sərəncamları ilə müəyyən edilir.
“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin Qərarına əsasən, əmək pensiyası hüququ olmayan uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin yaşadığı ərazi üzrə edilir.
Müavinət və təqaüdlərin təyin olunması üçün 16 yaşından yuxarı uşaqlar müstəqil şəkildə müraciət edə bilərlər. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olmuş şəxslərin müavinət və təqaüd təyin olunması üçün ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir.
Hazırda respublikamızda ayrı-ayrı kateqoriya vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə ölkə başçısının müxtəlif fərman və sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilir.
Ünvanlı sosial yardım və təqaüdlərin alınması ilə bağlı hüquqi xidmət
LEGALSTORE şirkətinin başlıca məqsədi daim öz müştərilərinin maraqlarını qorumaq və onların öz hüquqlarından yararlanmasını təmin etməkdir. Göstərdiyimiz xidmətlərdən biri də ünvanlı dövlət sosial yardımı və təqaüdlərin alınması ilə bağlıdır.
Əmək fəaliyyətini yerinə yetirərkən sağlamlığına zərər dəymiş şəxslərə ünvanlı sosial yardımın və təqaüdlərin təyin edilməsi ən tez-tez rast gəlinən məsələlər sırasındadır. Vətəndaşlarımıza göstərəcəyimiz xidmətlər isə qanunvericilikdə tələb olunan zəruri sənədlərin toplanması, şəxslərin vəziyyətini yaxşılaşdıran halların müəyyən edilməsi, lazım gəldiyi hallarda isə məhkəmədə təmsilçilikdir.