Vərəsəlik hüququ
Vərəsəlik hüququ özündə qanun üzrə vərəsəlik, mirasdan məcburi pay, vərəsəliklə bağlı iddia ərizələrinin tərtib edilmə qaydası və bir çox başqa nüansları cəmləşdirir. Bu hüquqlarla bağlı düzgün və etibarlı hüquqi xidmət almaq tələbatı hər an yarana bilər.
Vərəsəlik hüququ mülki qanunvericilikdə öz əksini belə tapmışdır: “Ölmüş şəxsin əmlakının digər şəxslərə keçməsi vərəsəlik adlanır”. Başqa sözlə desək, vərəsəlik dedikdə, ölən vətəndaşın əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə keçməsi başa düşülür.
Vərəsələr kimlər sayılır?
Mülki Məcəllənin 1134.2-ci maddəsində göstərilir ki, vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər çağırılırlar.
Vərəsəlik hüququ haqqında şəhadətnamə (Qanun üzrə vərəsəlik)
Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı aydan sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.
Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir.
Mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər.
Mirasda məcburi pay
Mülki Məcəlləyə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüququ vardır. Bu pay, qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
Vərəsəlik hüququndan məhrum etmə
Vərəsəlik hüququndan məhrum etmə məhkəmənin qəbul etdiyi qərara əsaslanır. O cümlədən miras qoyan məcburi pay sahibi xaricində olan şəxsləri istəyinə görə vərəsəlikdən məhrum edə bilər. Bunun üçün məhkəmədə iddia qaldırmasına ehtiyac yaranmır. Bunun əksinə məcburi pay sahiblərinin məcburi paydan məhrum edilməsi sadəcə qanunda göstərilən hallarda və məhkəmə qaydasında tələb edilə bilər.
Vərəsəliklə bağlı iddia ərizəsi
Bəzən vərəsələr, eləcə də digər şəxslər arasında mirasla bağlı mübahisələr meydana gəlir ki, bu mübahisələrin həlli qaydası yalnız məhkəmənin səlahiyyətində olur. Yaranmış mübahisələrin həlli nə tərəflərin razılığı ilə, nə də ki, notariat qaydasında həll edilə bilmədiyi üçün maraqlı şəxslərin vərəsəliklə bağlı iddia ərizəsi hazırlayıb məhkəməyə müraciət etmək hüququ yaranır. Həmin mübahisə üzrə verilmiş iddialar miras iddiaları adlanır.
Vərəsəliklə bağlı istər maddi, istərsə də prosessual norma baxımından, məhkəməyədək, məhkəmə və məhkəmədən sonrakı icraat (cinayət, mülki və s.) üzrə müddətlər (iddia müddəti) mövcuddur və onlar xüsusi əhəmiyyət kəsb edirlər.
Vərəsəlik hüququ ilə bağlı hüquqi xidmət
LEGALSTORE vərəsəlik hüququ ilə bağlı bütün növ hüquqi xidmətlərin göstərilməsini, vərəsəliyin mübahisələndirilməsi məsələlərini, iddia ərizələrinin hazırlanması, məhkəmə proseslerində iştirak, apellyasiya və kasassiya qaydasında şikayətlərin hazırlanması və müdafiəsi proseslərini, o cümlədən məhkəmədən sonrakı icraat proseslerində maraqlarınızın qorunmasını təmin edir.