Vergi hesabatlarının və ya bəyannamələrinin tərtib olunması
Vergi hesabatlarının və ya bəyannamələrinin verilmə müddəti və ərizə formaların doldurulması, vergilərin ödənilmə müddətləri ilə bağlı hüquqi yardımın göstəriməsi, eləcə də sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının aparılması prosesleri qanunvericiliyə müvafiq olaraq tərəfimizdən həyata keçirilir.
Vergi hesabatlarının və ya bəyannamələrinin tərtib olunması qaydası Vergi Məcəlləsində təsbit edilmişdir. Qanunvericiliyə müvafiq olaraq, vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsində müstəqil auditor iştirak edirsə o, vergi hesabatını imzalamalı, möhür vurmalı və öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir.
Hesabatı bir nəfərdən çox tərtibatçı hazırlayırsa, onu ancaq baş tərtibatçı imzalayır. Vergi hesabatını vergi ödəyicisi, yaxud onun səlahiyyətli nümayəndəsi imzalamalıdır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.
Bəyannamələrin verilmə müddəti
Bəyannamələrin verilmə müddəti hər bir vergi növündə fərqli müddətlər olaraq müəyyən edilmişdir. Buna misal olaraq, əlavə dəyər vergisinin bəyannaməsinin vergi orqanına vergi ödəyicisi tərəfindən hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməli olduğunu göstərmək olar.
Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.
Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur.
Vergilərin ödənilmə müddəti
Hər bir vergiyə dair ödənilmə müddətləri qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi qanunla müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir.Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur.
Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
Vergi hesabatlarının təqdim edilməsi
Könüllü vergi açıqlaması edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği büdcəyə ödənilir. Vergi bəyannamələri (hesabatları) vaxtında təqdim edilmədikdə vergi orqanları tərəfindən müvafiq tədbirlər görülür. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Vergi Məcəlləsinə əsasən vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir:
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
- Vergi dövrü əks olunmadıqda;
- Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda;
- Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda;
- Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda.
Vergi hesabatlarının tərtib olunması zamanı hüquqi xidmət
Bundan başqa, şirkətimizin mütəxəssisləri, istər fərdi sahibkar, istərsə də hüquqi şəxslərə vergilərin vaxtında ödənilməsi və bəyannamələrin vaxtında verilməsi və ya ödənilməməsi təqdirdə tətbiq olunan məsuliyyətin yaranmaması üçün lazımı tədbirlər və məsləhətlər həyata keçirəcəklər.
Həmçinin bizim tərəfimizdən bəyannamə, hesabat və ərizə formalarının doldurulması qaydası izah olunur. Siz heç yerə getmədən və müraciət etmədən, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının aparılması məsələlərini bizə etibar edə bilərsiniz.