Vergi ödəyicilərinə hüquqi məsləhətlərin verilməsi
Vergi ödəyicilərinə məhkəməyə şikayət etməklə bağlı tədbirlərlə, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi ödənişləri barədə hüquqi yardım Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Vergi hüququ sahəsində keyfiyyətli hüquqi xidmət göstərilməsi öndə gələn tələbatlar arasındadır.
Vergi ödəyicilərinə hüquqi məsləhətlərin verilməsi xüsusilə vergi yoxlamaları zamanı, verginin geri qaytarılması qaydası, səyyar və kameral yoxlamalar zamanı vergi əməkdaşlarının səlahiyyətləri, onların qanunsuz hərəkətlərindən məhkəməyə şikayət etmək məsələləri ilə bağlı məsələlərdə ən çox rast gəlinən tələbdir.
Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarında göstərilir ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malikdir.
Vergi ödəyiciləri
Vergi ödəyiciləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxslər sayılır. Şəxs dedikdə bura fiziki və hüquqi şəxslər, o cümlədən rezident və qeyri-rezidentlər şamil edilir.
Vergi ödəyicilərinin hüquqları
Vergi ödəyicilərinin hüquqları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15-ci maddəsində təsbit edilmişdir. Bunlara artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək, vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək, vergi yoxlaması ilə bağlı tərtib edilən protokolların və vergi orqanlarının qərarlarının surətini almaq, qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya və vergi sirrinin qorunmasını tələb etmək hüquqları aiddir.
Bundan əlavə vergi ödəyicilərinin müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət etmək, vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək kimi hüquqları da təsbit edilmişdir.
Vergi ödəyicilərinin vəzifələri
Vergi ödəyicilərinin vəzifələri sırasına aşağıdakılar daxildir:
- qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
- vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
- vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;
- qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və s.
Vergi orqanında uçota durmaq
Vergi orqanında uçota durmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir.
Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəliklərinin uçota alınması üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin, əsasnaməsinin rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və hüquqi ünvanı haqqında məlumatı vergi orqanına təqdim etməlidirlər.
Vergi ödənişləri
Vergi ödənişləri bildirişdə göstərilən yerdə, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, uçotda olduqları yer üzrə, Vergi Məcəlləsində verginin ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi hüquqi şəxsin idarə olunduğu yer üzrə ödənilə bilər.
Vergi ödəyicilərinə hüquqi xidmətin göstərilməsi
Vergi ödəyiciləri, vergi yoxlamaları zamanı hansı hüquqlarınız var? Bu barədə bizim şirkətimiz qısaca olaraq məlumat verir və bu sahədə daimi olaraq sizlərə yardım göstərməyə hazırdır. Məsələn, şirkətimiz, artıq tutulmuş verginin geri qaytarılması qaydası, səyyar və kameral yoxlamalar zamanı vergi əməkdaşlarının səlahiyyətləri, onların qanunsuz hərəkətlərindən məhkəməyə şikayət etmək məsələləri ilə bağlı hüquqi xidmət göstərir.