Xidmət müqavilələri
Xidmət müqavilələri mülki hüquq qanunvericiliyində xidmət, podrat və ya mülki-hüquqi müqavilələri də adlandırılır. Xidmət, podrat və ya mülki-hüquqi müqavilələrin həm hüquqi, həm də fiziki şəxslər üçün hazırlanması prosesini yüksək ixtisaslı hüquqşünaslara etibar edin.
Xidmət müqaviləsi mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Xidmət müqavilələri əmək müqavilələrindən fərqli olaraq prosesə deyil, birbaşa görüləcək işin nəticəsinə köklənir. Buna görə də istər onların tərtibi qaydası, istərsə də cavab verməli olduğu tələblər arasında bir sıra fərqlər mövcuddur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsinin 1-ci bəndinə əsasən, “Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.”
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Yəni fiziki şəxs 18 yaşına çatdıqda xidmət müqaviləsini imzalaya bilər. Hər hansı xidmətin göstərilməsi məqsədilə sifarişçi ilə icraçı arasında xidmət müqaviləsi imzalanır.
Xidmət müqavilələri həm fiziki, həm də hüquqi şəxslər arasında bağlana bilər. Lakin praktikada bu müqavilələr daha çox hüquqi şəxslər tərəfindən təklif edilir. Görüləcək işin həcmi, məbləği və işin başa çatdırılması tarixi kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Lakin bir çox hallarda şəxslərin qanunvericiliyə bələd olmaması səbəbilə bu şərtləri müqavilə üçün vacib əhəmiyyətli şərtlərin sırasına daxil edilməməsi sonradan fəsadlara gətirib çıxarır.
Xidmət müqaviləsi ilə əmək müqaviləsi arasında bir sıra fərqlər mövcuddur. Başlıca olaraq qeyd etmək lazımdır ki, xidmət müqaviləsi bağlanan zaman əmək kitabçası açılmır və iş stajı hesablanmır, müqavilədə əmək haqqının göstərilməməsi gələcəkdə pensiya təminatına mənfi təsir edir, işçilər ödənişli məzuniyyət hüquququndan məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir.
Daha sonra nəzərə çarpan fərqlərə əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda, müvəqqəti olaraq əmək qabiliyyətini itirərsə və xəstəlik vərəqəsi təqdim edərsə müavinət ala bilmədiklərini misal göstərmək olar.
Tapşırıq müqaviləsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777-ci maddəsində göstərilir ki: "tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür". Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.
Tapşırıq müqaviləsi əsasında vəkalət alanın vəkalət verənin adından bağladığı əqdin forması tapşırıq müqaviləsinin özünün formasına heç bir təsir göstərmir. Lakin etibarnamə isə nəinki mütləq yazılı olmalı, o cümlədən onun əsasında bağlanan əqd notarial forma tələb etdikdə, notariat qaydasında təsdiqlənməlidir.
Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Tapşırıq müqaviləsinin predmetini vəkalət alan tərəfindən vəkalət verən üçün hər hansı əqdin icrası təşkil edir.
Podrat müqaviləsi
Podrat müqaviləsi həm şifahi, həm də yazılı formada bağlanıla bilər. Lakin demək olar ki, məişət podratı müqavilələri istisna olmaqla, podrat müqavilələrinin əksəriyyəti yazılı formada bağlanılır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi və onun nəticəsini sifarişçiyə təqdim etməyi, sifarişçi isə işin nəticəsini qəbul etməyi və podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Sifarişçi dövlət qurumu olduqda, podrat müqaviləsi yazılı formada bağlanmalıdır. Podrat müqaviləsi, bir qayda olaraq, sifarişçinin təşəbbüsü ilə bağlanır. Müqavilə onun özündə nəzərdə tutulan müddət ərzində icra edilməlidir. Podrat müqaviləsində işin həm başlanma, həm də bitmə tarixləri göstərilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən, işin görülməsi müddəti nəzərdə tutulmadıqda, podratçı işə əsassız ləngimələr olmadan dərhal başlamalıdır.
Mülki Məcəllənin 428.1-ci maddəsinə uyğun olaraq, əgər sifarişçi podratın nəticəsini almaqdan üzrlü səbəbə görə imtina etməzsə, podratçı öhdəliyi vaxtından əvvəl icra edə bilər.
Xidmət müqavilələri ilə bağlı hüquqi xidmət
Şirkətimiz həm hüquqi, həm də fiziki şəxslər üçün xidmət müqavilələri hazırlayır. Xidmət müqaviləsi hazırlayarkən hər iki tərəfin, yəni həm sifarişçinin, həm də icraçının görüləcək işlə bağlı bütün hüquq və öhdəliklərini özündə əks etdirməsi və tərəflərin razılığı bizim üçün əsas meyardır.